SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

05.11.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasının təşkilatçılığı ilə N.Tusi adına 12 nömrəli tam orta məktəbdə 7A sinif şagirdlərinin iştirakı ilə 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Dalğalı ləngərlərin yelpiklənən bayrağı – Azərbaycan bayrağı” adlı informasiya saatı keçirildi. İstiqlal yolunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam etdi. Tədbiri giriş sözü ilə açan Mərkəzi Uşaq Kitabxanasının multimedia mütəxəssisi Qənimə Baqişova Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd edərək bildirdi ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Sonra o, bu günün təsis olunma tarixi haqqında da danışdı və “İstiqlalın əbədiyyət sancağı – Azərbaycan bayrağı” adlı sərgidə nümayiş etdirilən kitab və dövri mətbuat materiallarının qısa xülasəsini də verdi. Sonra şagirdlər Vətənə və bayrağa aid şeirlər söylədilər.Daha sonra çıxış edən 12 nömrəli məktəbin kitabxana müdiri Fəridə Həsənova milli rəmzlərimizin yaşadılması və təbliği baxımından keçirilən tədbirlərin əhəmiyyəti haqqında danışaraq Mərkəzi Uşaq Kitabxanasının əməkdaşlarına öz təşəkkürünü bildirdi.