SumgaitLibrary

+994 186520087


Kukla teatrı

01.10.2018-ci il tarixində Mərkəzi Uşaq kitabxanasının əməkdaşları N.Tusi adına 12 nömrəli tam orta məktəbdə 5 yaşlı fidanların məktəbə ilk qədəmlərinin qeyd olunması məqsədilə keçirilən “Məktəbli oldum” adlı tədbirdə kitabxananın nəzdində fəaliyyət göstərən “Qoğal” Kukla Teatrı ilə iştirak etdilər. Tədbirin əvvəlində ibtidai sinif müəlliməsi İlhamə Axundzadə balaca fidanları və valideynləri salamlayaraq onların yeni dərs ilini təbrik etdi, bu məsuliyyətli yolda onlara uğurlar arzuladı. O, həftədə 4 gün fəaliyyət göstərəcək məktəbəqədər hazırlıq qruplarının əsas məqsədinin uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və vərdişlərin formalaşdırılması olduğunu bildirdi. Sonra uşaqlara Mərkəzi Uşaq Kitabxanasının əməkdaşlarını təqdim edib sözü kitabxananın böyük biblioqrafı Nəzakət Əliyevaya verdi. Nəzakət xanım da öz növbəsində uşaqların məktəbə ilk qədəmlərini təbrik edib, onlara uğurlar arzuladı. İlk dərs gününün həyacanını və sevincini 5 yaşlılarla birgə qeyd edən kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova da nağıl qəhrəmanlarının adından uşaqların ilk dərs ilini təbrik edərək əl kuklalarının vasitəsilə “Qırmızıpapaq” və “Qoğal” nağılını nümayiş etdirdi.