SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

10.08.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan “Musiqimizin tacı Muğam” adlı informasiya saatı keçirilmişdir. Uşaq şöbəsinin multimedia mütəxəssisi L.Muradova gün ərzində gələn oxuculara orta əsrlərdə yaranmış, Azərbaycan professional xalq musiqisinin əsas janrlarından biri olan muğam haqqında geniş məlumat verərək onun böyük həcmli, çox hissəli silsilə əsər olduğunu bildirdi.Muğamlar bədii yaradıcılığın müxtəlif sahələrini – poeziya, bəstəkarlıq texnikası və yüksək ifaçılıq mədəniyyətini özündə birləşdirir.Çağdaş Azərbaycan muğamının vokal muğamı, vokal-instrumental muğam, zərbi muğam və solo-instrumental muğam formaları mövcuddur.Muğam kompozisiyasının əsas və ən qədim növü dəstgahdır.Dəstgah müxtəlif hissələrdən – dəraməd, bərdaşt və təsniflərdən ibarət vokal-instrumental əsərdir. Azərbaycanda “Rast”, “Şur”, “Segah”, “Cahargah”, “Bayatı-Şiraz”, “Humayun”,“Şahnaz”, “Dügah”, “Mahur”, “Arazbarı”, “Qarabağ şikəstəsi”, “Simayi-Şəms”, “Kəsmə-şikəstə” və s. muğamlar geniş yayılmışdır.Hər muğamda özünəməxsus əhval-ruhiyyə, hisslər ifadə olunur. Xanəndələrdən Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Ələsgər Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, tarzənlərdən Sadıq Əsədoğlu, Məşədi Zeynal, Qurban Pirimov, Bəhram Mənsurov, kamançaçılardan Qılman Salahov, Elman Bədəlov və bir çox başqaları mahir muğam ifaçıları olmuşlar.Müasir bəstəkarların yaradıcılığında da muğam xüsusi yer tutur.