SumgaitLibrary

+994 186520087


Anım tədbiri

25.07.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda Ağdamın Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxananın kitabxanaçısı Zabitə Səfərova Qarabağ bölgəsinin strateji baxımdan ən mühüm inzibati ərazilərindən olan Ağdam rayonunun tarixi keçmişindən, vaxtilə respublikamızın iqtisadi-mədəni həyatında tutduğu mövqedən, ağdamlıların müxtəlif sahələrdəki uğurlarından və torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri şücaətlərdən danışıb. 21 saylı tam orta məktəbin müəlliməsi Sevinc Əliyeva çıxışının sonunda vurğulayıb ki, xalqımızın birliyi, müstəqil dövlətimizin gücü və qüdrəti, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ bölgəsinin, o cümlədən Ağdamın tezliklə işğaldan azad ediləcəyinə inanırıq. Sonda Zabitə xanım oxuculara "Qarabağ qan yaddaşımız" başlığı altında təşkil edilmiş sərgi haqqında xülasə verdi.