SumgaitLibrary

+994 186520087


“Uşaq mətbuatı nümunələrimiz”

22.07.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında Azərbaycan Milli Mətbuatı və Jurnalistikası Günü ilə əlaqədar “Uşaq mətbuatı nümunələrimiz” adlı uşaq jurnallarının təqdimatı keçirilmişdir. Tədbirin aparıcısı kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova ilk öncə Azərbaycan milli mətbuatının yarandığı 143 il ərzindəki zəngin və mənalı inkişaf yoluna qısa nəzər salaraq bu günün təsisi olunma tarixi, qəzetin ərsəyə gəlməsində böyük xidmətləri olmuş ziyalıların rolu haqqında məlumat vermişdir. Daha sonra Leyla Mahmudova XX əsrin əvvəllərində formalaşmağa başlamış, dövrümüzə qədər böyük bir inkişaf yolu keçmiş, gənc nəslin tərbiyəsində mühüm rol oynamış və milli mətbuatımızın tərkib hissəsi olan Azərbaycan uşaq mətbuatı orqanlarımızın tarixi və bu günü ilə bağlı məlumat vermişdir. Bu sahənin yaranmasında N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq, Ü.Hacıbəyov, S.S.Axundov, R.B.Əfəndiyev, A.Səhhət, M.Mahmudbəyov kimi müəllim və yazıçıların unudulmaz xidmətlərindən bəhs edərək uşaq mətbuatının inkişafına geniş yol açmış ilk uşaq jurnallarından ”Dəbistan” (1906-1908), “Rəhbər” (1906-1907), “Məktəb” (1911-1920) jurnalları haqqında məlumat vermişdir. Sonra o, müstəqillik dövründə ölkəmizdə uşaq mətbuatının surətlə inkişafında xüsusi rolu olan “Göyərçin”, “Elli”, “Bala dili” , “Yuva”, “Göy qurşağı”, “Sehrli dünya”, “Xurcun” və s. kimi jurnalların Azərbaycan uşaq mətbuatının ən yaxşı nümunələri hesab olunduğunu xüsusilə qeyd etmişdir.Tədbir iştirakçılarına 1958-ci ildən nəşr olunan “Göyərçin” ədəbi-bədii jurnalını təqdim edən Leyla Mahmudova bildirmişdir ki, əsasən I-IV sinif şagirdləri üçün nəzərdə tutulan bu jurnalda Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikmətli sözlər nəşr edilir. Bundan başqa, Azərbaycan təbiəti, yurdumuzun çayları, ulu yurd yerlərimiz, xalqımızın igid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. Öz rəngarəngliyi ilə digərlərindən fərqlənən "Xurcun” jurnalını təqdim edən Leyla Mahmudova qeyd etmişdir ki, balaca oxucuların ixtiyarına verilən jurnalın hər səhifəsində "Xurcunumuzdakı xəbərlər” adlı səhifədə uşaqları maraqlandıracaq mədəniyyət xəbərləri geniş şəkildə işıqlandırılır. "İzlə” başlıqlı səhifəyə isə teatr tamaşaları ilə bağlı məlumatlar, afişalar daxil edilir. "Təqvim yarpağı”nda jurnalın nəşr olunduğu ayda dünyaya gələn görkəmli şəxsiyyətlərin siyahısı təqdim olunur. Bundan başqa jurnalın "Can Vətən”, "Səyahət”, "Musiqi”, "Folklor”, "Mən bir turist”, "Dirədöymə” və s. başlıqlı bölmələri də var. O, uşaqlara mənəvi dəyərləri aşılamaq, onlarda vətənə, torpağa, təbiətə sevgi hissi formalaşdırmaq əsas qayəsi olan digər uşaq mətbu orqanlarından “Elli”, “Bala dili” , “Yuva”, “Göy qurşağı”, “Sehrli dünya” ilə də uşaqları tanış etdi.