SumgaitLibrary

+994 186520087


Səhərcik

19.07.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları kitabxanada təşkil edilmiş "yay məktəbi"nin fəal üzvlərinin iştirakı ilə 40 saylı xüsusi təyinatlı nitqi qüsurlu “Lisan” Körpələr evi-uşaq bağçasında "Qoşul bizə, sən də oxu, sən də gül” adlı səhərcik təşkil etdilər. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova balaca fidanları salamlayaraq özü ilə bərabər səhnəyə çıxmış nağıl qəhrəmanlarını uşaqlarla tanış etdi. Nağıl qəhrəmanlarından “Buratino”, “Maşa” və yay məktəbinin fəal üzvləri özlərini təqdim edərək təmsil etdikləri nağıllardan parçalar nəql etdilər, şeirlər söylədilər. Onlar musiqisi Məryəm Əlibəyliyə və sözləri Zümrüdxanım Ağayevaya məxsus “Yeddi çiçək, yeddi gül” mahnısını ifa edərək mahnının xoş sədaları altında rəqs etdilər. “Yay məktəbinin” fəal üzvü Aytac Vəlizadə körpə fidanlar üçün pianoda Qara Qarayevin “Altı uşaq pyesi”ni məharətlə ifa etdi. Mircəfər Zəkizadə , Məryəm Əsədzadə və Aytac Vəlizadənin ifasında “O olmasın, bu olsun” operettasından bir parça təqdim olundu. Kitabxananın əməkdaşı Leyla Mahmudova tədbir iştirakçılarına “Qoğal” rus nağılı və V.Suteyevin “Kim “myau” dedi” nağılı əsasında hazırladığı kukla tamaşasını nümayiş etdirdi. Nağıl qəhrəmanları ilə dostlaşmış bağçanın körpə fidanları da rəqs etdilər, şeirlər söylədilər, kitabxanaçının verdiyi tapmacaları cavablandırmağa səy göstərdilər. Tədbirdə Mərkəzi Uşaq kitabxanasının müdiri Nailə Tağıyeva səmimi və isti qarşılanmaya görə uşaq bağçasının müdiriyyətinə və əməkdaşlarına təşəkkür etdi. Uşaqlara can sağlığı, sevinc, simalarında daim uşaq təbəssümünün, xoşbəxtliyinin olmasını arzulayan Nailə Tağıyeva onlara yay aylarında xoş anlar və mədəni istirahətlər arzuladı. Körpə fidanlara əyləncəli anlar yaşadan xoş əhval-ruhiyyəli şənlik sonda iştirakçıların bağçanın foyesində nümayiş olunan kitab sərgisinə baxışla sona yetdi.