SumgaitLibrary

+994 186520087


"Yay məktəbi"

08.07.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında "Yay məktəbi" şagirdlərinin iştirakı ilə Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar "Ögey ana" filminə baxış keçirildi. Tədbiri kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova açaraq 120 illik böyük tarixi yol keçmiş Azərbaycan kinosunun cəmiyyətin inkişafındakı böyük rolu, kino sənətinin tarixi, müasir Azərbaycan kinosunun inkişafında dövlətin böyük rolu və dəstəyi haqqında məlumat verdi. O, dünya kinosunun təşəkkül tarixi ilə üst-üstə düşən Azərbaycan kinematoqrafiyasında uşaq filmlərinin xüsusi yeri haqqında da danışaraq bu filmlərdən “Asif, Vasif, Ağasif”, “Qaraca qız”, “Mən mahnı qoşuram”, “Qərib cinlər diyarında”, “Şərikli çörək”, “Ögey ana”, “Skripkanın sərgüzəştləri”, “Bir qalanın sirri”, “Sehrli xalat” və sairlərinin adlarını çəkdi. Sonra tədbir iştirakçıları kinorejissor Həbib İsmayılovun bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən sevilə-sevilə baxılan “Ögey ana” filmini izlədilər. Yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən bəhs edən film izləndikdən sonra uşaqlarla birgə müzakirəsi aparıldı. Son olaraq Leyla Mahmudova uşaqlara “Ögey ana” filminin qəhrəmanı dəcəl İsmayılın mənəviyyatında və zəkasında kök salmış xudbinliyin, tənbəlliyin müsbət keyfiyyətlərlə necə əvəzləndiyini, nəticədə İsmayıl obrazı uşaqlar üçün mənəvi tərbiyə örnəyinə, mərd, daim yaxşı mənada yaşıdları arasında fərqlənməyə can atan uşaq simvoluna çevrildiyini bir daha izah etdi.