SumgaitLibrary

+994 186520087


Səhərcik

05.07.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanası İngilis Dili Mərkəzi ilə birlikdə təşkil etdikləri "yay məktəbi"nin fəal üzvlərinin iştirakı ilə 21 saylı Körpələr evi-uşaq bağçasında "Qonaq gəlib dostlar bizə" adlı səhərcik təşkil etdilər. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova balaca fidanları salamlayaraq özü ilə bərabər səhnəyə çıxmış nağıl qəhrəmanlarını uşaqlarla tanış etdi. Nağıl qəhrəmanlarından “Buratino”, “Tıq-tıq xanım”, “Çəkməli pişik”, “Maşa”, “Ayı”, “Siçan”, “Dovşan”, “Pələng” hər biri özlərini Azərbaycan və ingilis dillərində təqdim edərək təmsil etdikləri nağıllardan bir parça nəql etdilər, şeirlər söylədilər. “Yay məktəbinin” fəal üzvü Filyar Məmmədli körpə fidanlar üçün “Canım Azərbaycan” və hind mahnısının sədaları altında öz gözəl rəqsini təqdim etdi. Kitabxananın əməkdaşı Leyla Məmmədli tədbir iştirakçılarına “Qoğal” rus nağılı əsasında hazırladığı kukla tamaşasını nümayiş etdirdi. Nağıl qəhrəmanları ilə doslaşmış körpə fidanlar da rəqs etdilər, şeirlər söylədilər, kitabxanaçının verdiyi tapmacaları cavablandırmağa səy göstərdilər. Sonda 21 saylı Körpələr evi-uşaq bağçasının direktoru Leyla Ağazadə çıxış edərək xoş niyyətli bir missiya ilə bağçanın qonağı olan kitabxananın və İngilis Dili Mərkəzinin müdiriyyətinə öz təşəkkürünü bildirdi. Tədbirdə Mərkəzi Uşaq kitabxanasının müdiri Nailə Tağıyeva və İngilis Dili Mərkəzinin direktoru Gülnaz Quliyeva da səmimi və isti qarşılanmaya görə uşaq bağçasının müdiriyyətinə və əməkdaşlarına təşəkkür etdilər, uşaqlara yay aylarında xoş anlar və mədəni istirahətlər arzuladılar.