SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

25.06.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında “Naxçıvan – İslam mədəniyyətinin incisi” adlı informasiya saatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvanın bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında oynadığı özünəməxsus rolu haqqında danışdı. Sonra o, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi haqqında oxuculara geniş məlumat verdi. Oxuculara izah edildi ki, Azərbaycan və ingilis dillərində hazırlanan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) 8 əsas və 27 alt bölmədən ibarətdir. Saytın “Naxçıvan haqqında” başlıqlı əsas bölməsi “Naxçıvan Muxtar Respublikası”, “Təbiəti”, “Şəhər və rayonları” alt bölmələrindən ibarətdir. Bu bölmələrdə muxtar respublikanın tarixi, fauna və florası, inzibati ərazi bölgüsü, nəqliyyat infrastrukturu, inzibati binaları, konsert-tamaşa, təhsil müəssisələri və digər sahələr haqqında məlumatlar yerləşdirilib. Saytın “Mədəniyyət” bölməsində “Məscidlər”, “İmamzadələr”, “Tarix-memarlıq abidələri”, “Sənətkarlıq”, “Memarlıq”, “Milli rəqslər”, “Milli musiqi alətləri”, “Milli geyimlər”, “Milli mətbəx”, “Muzeylər”, “Teatrlar” və “Kitabxanalar” olmaqla, 12 alt bölmə var. Bu bölmələrdə mədəniyyət və incəsənət sahələri haqqında məlumatlar yerləşdirilib, həmçinin “Naxçıvan milli geyimləri” və “Naxçıvan mətbəxi” elektron kitablarına keçidlər verilib. Saytda muxtar respublikada fəaliyyət göstərən muzeylər, teatrlar və kitabxanalar haqqında da ətraflı məlumatlar almaq mümkündür. Sonda uşaqlar Azərbaycan xalqının böyük mədəniyyətinin ən qədim dövrlərdən bəri qorunub saxlanıldığı və zaman keçdikcə daha da zənginləşdirilərək dünya mədəniyyət xəzinəsinə bənzərsiz bir töhfə verən gözəl məkanı – Naxçıvana həsr edilmiş kitablar və dövri mətbuat materiallarını əks etdirən kitab sərgisi ilə də tanış oldular.