SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

07.06.2017-ci il tarixində Mərkəzi Uşaq kitabxanasının əməkdaşları tərəfindən XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə 18 nömrəli tam orta məktəbdə iştirakı ilə şairin “Qaya” poeması əsasında kitab müzakirəsi keçirildi. Tədbirdə çıxış edən Mərkəzi Uşaq Kitabxanasının multimedia mütəxəssisi Səbinə Qasımova Azərbaycan ədəbiyyatının inkişafında silinməz izlər qoymuş M.Müşfiqin həyat və yaradıcılığından bəhs edərkən şairin uşaq ədəbiyyatı fondu üçün də qoyub getdiyi qiymətli töhfələr haqqında məlumat verdi. O, heç bir faydalı işlə məşğul olmayan, səfil, yurdsuz uşaqların həyatı haqqında həqiqətlərdən bəhs edən “Qaya” poemasının yazılma tarixi haqqında qısa məlumat verdikdən sonra şagirdlərin iştirakı ilə kitabın müzakirəsini davam etdirdi. Müzakirə zamanı əsərin qəhrəmanı yurdsuz uşaqların başçısı - ataman Qaya, iki yol ayrıcında qalan qəhrəmanın təbiətindəki ziddiyyətlər, öz işi, davranışı və sözü ilə yurdsuz uşaqlara qayğı və məhəbbət bəsləyən müəllim, gününü boş keçirməyi, tüfeyli həyat sürməyi hər şeydən üstün tutan Mişka obrazları hərtərəfli təhlil edildi. Sonra Səbinə Qasımova M.Müşfiq yaradıcılığından bəhs edən “Yüksək duyğular şairi” adlı kitab sərgisi haqqında da qısa xülasə verdi. Sonda məktəbin kitabxana müdiri Rəfiqə Cavadaova M.Müşfiq yaradıcılığının məktəblilər arasında təbliği məqsədilə keçirilən tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdi.