SumgaitLibrary

+994 186520087


Hekayə saatı

13.05.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında Xalq yazıçısı Elçinin 75 illik yubileyi münasibətilə hekayə saatı keçirilmişdir. Tədbir Laçın rayonu R.Hümbətov adına Güləbird kənd tam orta məktəbinin 2-ci sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Tədbirdə kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova yorulmaq bilmədən mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin inkişafı üçün əlindən gələni əsirgəməyən, lirik hekayələr ustası, müqtədir romançı, mahir komediyalar müəllifi, psixoloji faciələr, tragediyalar dramaturqu, ustad tənqidçi, ədəbiyyatşünas alim Elçin Əfəndiyevin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. O qeyd etdi ki, ləyaqətlə yaşanmış bir ömrün 45 ildən artıq müddətini ədəbiyyata həsr etmiş yazıçı uşaqları da unutmamışdır. Elçin Əfəndiyev uşaqlar üçün yazdığı “Səlimin hekayələri”,” Mənə niyə gülürlər?”, “Gör necə top vuraram...”, “Mən Lalə istəyirəm”, “Mən hər şeyi bilirəm”, “Aysunun, Humayın, Günayın, Yalçının və Nigarın nağılları”,”Balaca qırmızı çiçək”, ”Küləyin, çinarın və qaranquşun balasının hekayəti”,”Humayın yuxusu” , “Kukla, yoxsa Aysu?” və s. hekayələrində uşaqların həyatı, onların işıqlı və maraqlı aləmi, dünyaya baxışları, təsəvvürləri, xəyalları, bütün bunlarla sıx bağlı olan əhvalatları, hadisələrı geniş, hərtərəfli qələmə almışdır. Daha sonra çıxış edən ibtidai sinif müəlliməsi Fənar Qəmbərova da milli-ictimai fikirdə özünəməxsus yeri olan əvəzolunmaz yazıçı, ictimai xadim, təəssübkeş vətəndaş, böyük ziyalı və nəcib insanElçin Əfəndiyevin yaradıcılığını Azərbaycan ədəbiyyatının zəngin bir təmayülünü təşkil etdiyini vurğuladı. Tədbirdə yazıçının "Qəhrəman Aysu,qara pişik və cıqqılı siçanın nağılı" əsasında kitabxana əməkdaşlarının hazırladıqları kukla tamaşası da nümayiş etdirildi.