SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

17.04.2018-ci il tarixində Gənclər kitabxanasının təşkilatçılığı ilə Qubadlı rayon Nadir Əsədoğlu adına Dondarlı kənd tam orta məktəbində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar “Şeirimizin quş dili” adlı poeziya dəqiqələri keçirilmişdir. Multimediya mütəxəssisi S. Əbdürrəhmanova Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib. Bildirib ki, Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. S.Əbdürrəhmanova vurğulayıb ki, edama məhkum olunan Nəsimi dünyadan köçmədi. O, əsrlərdən bəri insanların qəlbində yaşamaqda davam edir, dünya poeziyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini ucaltmağa müvəffəq olub. Sonra söz poeziya həvəskarlarına verildi. Nəsiminin qəzəllərindən nümunələr söylənildi. Tədbir maraqlı və yaddaqalan oldu.