SumgaitLibrary

+994 186520087


Anım günü

05.04.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxanada Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialının üzvlərinin, kitabxananın oxucularının, 5, 16 və 25 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivinin iştirakı ilə Aprel şəhidlərinə həsr edilmiş “Qəhrəmanlığın zirvəsində olanlar” adlı anım günü keçirildi. Azərbaycan Respublikasının himni ilə acılan tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva çıxış edərək Aprel döyüşləri haqqında qısa məlumat verməklə vurğuladı ki, məhz 2016-cı ilin aprel ayında Azərbaycanın növbəti qəhrəmanları doğuldular. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialının sədri Tərlan Hacızadə, birliyin üzvlərindən 1992-94-cü illərdə müharibə iştirakçıları Sahib Şamilov, Asif Abdullayev, Mübariz Mədətov, Çingiz Məmmədov iştirakçılara öz döyüş yollarından bəhs etməklə Vətəni sevməyi, mübariz olmağı tövsiyə etdilər. Tədbirdə eləcə də 5 və 16 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şəhidlərə həsr edilmiş kompozisiya dinlənildi. Mərkəzi kitabxananın baş biblioqrafı Nazxanım Cəfərova “Qəhrəmanlarımız vətənpərvərlik nümunəsidir” adlı sərgi haqqında məlumat verdi. Sonda Zemfira Mirzəyeva bütün iştirakçılara öz təşəkkürünü bildirməklə vurğuladı ki, Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Qəhrəman şəhidlərimizin qanı ilə müqəddəsləşmiş torpaqlarımızın hər qarışı bizim üçün əzizdir.