SumgaitLibrary

+994 186520087


Xatirə günü

04.04.2018-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 1 nömrəli tam orta məktəbin müəllim və şagird heyətinin iştirakı ilə Azərbaycan Ordusunun qələbə sorağı ilə yadda qalan, yeni tariximizə şanlı səhifə kimi yazılan, Aprel döyüşlərində canını Vətən uğrunda fəda edən qəhrəman oğullara həsr edilmiş “Şəhidliyin ünvanı əbədiyyətdir” adlı xatirə günü keçirildi. Tədbir Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı qələbədən danışdı, bu qələbənin əldə olunmasında canından keçən, qəhrəmanlıqlarıyla ölümsüzlüyə qovuşan sumqayıtlı igidlərimizdən Əbdülməcid Axundovun, Şulan Bayramovun, Murad Məmmədovun qısa, lakin şərəfli ömür və döyüş yolu haqqında məlumat verdi. Daha sonra tədbirin bədii hissəsi 1 nömrəli məktəbin 3-cü sinif şagirdi İbrahimli Nahidin yazdığı “Vətən” şeiri, Salamzadə Sona, Məmmədli Nəzrin “Şəhidlər” şeiri, 9b sinfinin şagirdləri Salamzadə Sona, Əliyeva Aydanın ifasında “Azərbaycan”şeiri , Dəniz Abbas, Hətəmli Kamran, Şərəfxanov Rüfət, Əbilov Mürvət, Ağayev Ramin və Salamzadə Sona Hikmət Ziyanın “Ceyran ana” şeirini kompazisiya şəklində nümayişi ilə davam etdi. Həsənzadə Həsənin”Mən əsgər gedirəm”, “Mən şəhid oldum” mahnılarını gitarada ifası tədbirə xüsusi rəng qatdı. Sonra sözü Əbdülməcid Axundovun anası Ceyran xanıma və Murad Məmmədovun atası Vaqif Məmmədova verildi. Hər iki şəhidimizin valideyni övladlarının unudulmaz, xatirələrə dönüşən ömür yolunu tədbir iştirakçılarıyla bölüşdülər.Tədbirdə iştirak edən aprel döyüşlərinin qazilərindən Hikmət Məmmədov və Şahgəldiyev Ağaşəmi öz döyüş xatirələrindən, aprel şəhidlərinin qəhrəmanlıqlarından bəhs edərək şagirdlərə vətənpərvər ruhda böyüməyi, Vətənə olan borcunu layiqincə yerinə yetirməyi tövsiyə etdilər. Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova da aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətlərdən danışdı. Daha sonra 1saylı məktəbin “Uşaq birliyi rəhbəri” Mustafayevə Püstə çıxış edərək tədbir iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirdi. Sonda multimedia mütəxəssisi Leyla Mahmudova gələn valideynlərə, qazilərə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi və qeyd etdi ki, şəhidlərimizin qanı yerdə qalmasın, torpaqlarımızı mənfur düşməndən azad edək,analarımızın göz yaşları dinsin və bu növbəti tədbirlərimizi qələbə gününü qeyd etməyimiz münasibətilə keçirək.Tədbirin sonu Həsənzadə Həsənin ifasında “Cənab leytenant” musiqisinin sədaları altında yekunlaşdı.