SumgaitLibrary

+994 186520087


Bədii qiraət müsabiqəsi

10.03.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda 15 saylı tam orta məktəbin şagirdlərinin və SDU-nun tələbəsi Kənan Qubadovun iştirakı ilə dahi şair Nəsiminin vəfatının 600-cü ildönümünün qeyd olunması ilə əlaqədar bədii qiraət müsabiqəsi keçirildi. Tədbiri kitabxananın böyük kitabxanaçısı Şərəf Əliyeva açıq elan edərək Nəsiminin həyat və yaradıcılığına nəzər salmış, bildirmişdir ki, Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi 1369-cu ildə Şamaxıda anadan olmuşdur. Azərbaycan şairi, mütəfəkkir "İmaməddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. 10-cu əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Huseyninin sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini "Hüseyni" təxəllüsü ilə yazmışdır. 14-cü əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğ edən şerlər yazmağa başlamış və bu vaxtdan etibarən Nəiminin təxəllüsü ilə həmahəng səslənən "Nəsimi" təxəllüsünü qəbul etmişdir. Şərəf xanım vurğuladı ki, Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar içərisində geniş şöhrət tapmışdı. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şerinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai, Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir. Sonda müsabiqədə iştirak edən hər kəsə kitabxana adından kitab hədiyyə edildi.