SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

22.02.2018-ci il tarixdə S.Vurğun adına Mərkəzi Kitabxana 1988-ci il Sumqayıt hadisələri və Xocalı faciəsi ilə əlaqədar Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində “Bəşəri faciə, unudulmaz tarix” adlı dəyirmi masa keçirdi. Tədbirdə 5 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi.Tədbirin əvvəlində Sumqayıt hadisələri, Xocalı faciəsi zamanı, elecə də torpağlarımızın azadlığı və suverenliyi yolunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq vurğuladı ki, Sumqayıt hadisələri və Xocalı faciəsi Azərbaycan tarixinin unudulmayan, yaddaşlarda yaşayan səhifələrindəndir. Tədbirdə 1987-90-cı illərdə “Vışka” qəzetinin Dağlıq Qarabağ üzrə xüsusi müxbiri, Respublikanın əməkdar jurnalisti Rəhman Orxan 1988-ci il Sumqayıt hadisələrinin şahidi kimi çıxış edərək vurğuladı ki, Sumqayıt hadisələrinin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Tədbirdə eləcə də, politolog Hacı Kamil Bədəlli, tarixçi və ilahiyyatçı Əkbər İsamyılov, təqaüdçü Qadir Süleymanov, yazar Süleyman Hüseynov, MKS-in direktoru Yeganə Əhmədova mövzu ilə əlaqədar öz fikirlərini bölüşdülər. Oxu zalının multimedia mütəxəsisi Sima Həsənova Sumqayıt hadisələri və Xocalı faciəsinə həsr edilmiş sərgidən biblioqrafik xülasə verdi. Sonda qeyd edildi ki, XX-ci əsrin sonunda baş vermiş Sumqayıt hadisələri və Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.