SumgaitLibrary

+994 186520087


Kitab təqdimatı

08.02.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 30 illiyi ilə əlaqədar 16 saylı tam orta məktəbin IVÇ sinif şagirdlərinin iştirakı ilə Fəridə Ləmanın "Təəssüb" kitabının təqdimatı keçirilmişdir. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova Mübariz İbrahimovun qısa, lakin qəhrəmanlıqla dolu mənalı ömür yolu, valideynləri, cəbhə yoldaşları və xalqı ilə son təması olan vida məktubu, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə təltif olunduğu (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi, xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlər haqqında məktəblilərə ətraflı məlumat verdi. Daha sonra o, iştirakçılara F.Ləmanın ömrünün 22-ci baharında şəhidlik zirvəsinə ucalan Mübariz İbrahimova həsr etdiyi ”Təəssüb” kitabı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, vətəndaş sevgisi ilə qələmə alınmış poema M.İbrahimovun uşaqlığından tutmuş, son döyüş yoluna qədər lakonik, düşündürücü deyimlərlə qəhrəmanın cəsurluğuna, ölməzliyinə, əbədiyaşarlığına poetik rəng qatmışdır. Səbinə Qasımova poemadan parçalar oxumaqla iştirakçılarda kitab haqqında daha dolğun fikir formalaşdırdı.Tədbir 16 nömrəli məktəbin 4Ç sinif şagirdləri olan Elruzə Nəbiyeva, Şövqiyyə Quliyeva, Kənan Əkbərov, Zahid Məmmədli, Rəşad İbrahimov, Səma Seyidli, Emin Osman və digərlərinin cəsurluq, igidlik, mərdlik nümayiş etdirərək Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzinə çevrilmiş Mübariz İbrahimov haqqında söylədiyi şeirlər və nümayiş etdirilən video filmlə davam etdi. Son söz olaraq çıxış edən 16 saylı tam orta məktəbin kitabxana müdiri Südakət Əliyeva tədbirin təşkilinə və əhəmiyyətinə görə kitabxana əməkdaşlarına öz minnətdarlığını bildirdi və qeyd etdi ki, bu gün ölkəmizin qorunmasında, saxlanılmasında, müstəqil dövlət kimi yaşamasında və inkişaf etməsində Milli Qəhrəmanlarımızın böyük rolu olmuşdur. Məhz bu səbəbdən də hər bir azərbaycanlı onları öyrənməli, tanımalı, sevməli, onların xidmətlərini daim xatırlamalı, qiymətləndirməli, tanıtdırmalı, bugünkü və gələcək nəsillərimizə örnək olan ömürlərindən dərs almalı, onlara minnətdar olmalıdır! Biz də inanırıq ki, onların müqəddəs ruhları Allah dərgahında mübarək adları ilə xalqımızın qəlbində əbədi yaşayacaq.