SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

27.04.2016-ci il tarixdə S.Vurğun adına Mərkəzi kitabxana hərbi vətənpərvərliyə dair ədəbiyyatın təbliği ilə əlaqədar 5 saylı orta məktəbdə Nüşabə Məmmədlinin “Zəngulə” əsərinin müzakirəsini keçirdi. Tədbirdə 5 saylı məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq tədbirin məqsədi və mahiyyəti haqqında iştirakçıları məlumatlandırdı və vurğuladı ki, əsərdə əsirlikdən qəribliyə düşən, burada da talesizliyin əsiri olan gənc bir azərbaycanlı qızının iztirablarından bəhs edilir. Qarabağ mövzusunda yazılmış bədii əsərlər sırasında özünəməxsus yeri olan bu romanın əlamətdar cəhətlərindən biri də onunla bağlıdır ki, yazıçı hadisələrin təsvirində seyrçi deyil, iştirakçıdır. Sonra 5 saylı məktəbin şagirdi Rəsulova Fatimə əsərin məzmunu haqqında iştirakçılara qısa məlumat verdi. Daha sonra “Əsərin baş qəhrəmanı Rəhimənin simasında əsirlikdə olan uşaqların taleyi”, ““Zəngulə” əsəri bir yurdun, bir elin, bir ölkənin, bir xalqın fəryadıdır”, “Qarabağ mövzusunda yazılan əsərlər içərisində “Zəngulə”nin yeri”, “Hərbi vətənpərvərlik tərbiyəsinin aşılanmasında “Zəngulə” əsərinin rolu” kimi suallar ətrafında əsərin müzakirəsi getdi. Müzakirədə məktəbin şagirdlərindən Abbasova Qönçə, Şıxıyeva Rəqsanə, İsmayılov Müzəffər, müəllimlərdən Həsənova Səfurə, kitabxanaçı Abdullayeva Şirin öz fikirlərini daha geniş söyləməklə xüsusilə seçildilər. Sonda Zemfira Mirzəyeva bütün iştirakçılara öz təşəkkürünü bildirdi və qeyd etdi ki, oxuculara hərbi vətənpərvərlik tərbiyəsinin aşılanmasında kitab müzakirələrinin rolu böyükdür. Arzu edirik ki, torpaqlarımız tezliklə işğaldan azad olunsun, əsirlikdə olan soydaşlarımız öz yurd-yuvalarına qayıtsınlar.