SumgaitLibrary

+994 186520087


Kitab təqdimatı

24.01.2018-ci il tarixində Mərkəzi uşaq kitabxanası tərəfindən N.Tusi adına 12 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikir tarixində məşhur Azərbaycan alimi, tənqidçi və pedaqoqu kimi dəyərləndirilən F. Köçərlinin 155 illik yubileyi münasibətilə “Vətən qoxulu “Balalara hədiyyə” – millət yoluna işıq salan əbədi mayak” adlı kitab təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Mərkəzi uşaq kitabxanasının müdiri Nailə Tağıyeva F.Köçərlinin Azərbaycan ədəbiyyatşünaslığındakı əvəzolunmaz yeri və rolu, onun ədəbi, elmi yaradıcılığını özündə əks etdirən sərgidəki kitabları haqqında qısa məlumat verdi. Sonra o, həm uşaqlar, həm də böyüklər tərəfindən sevilə-sevilə oxunan “Balalara hədiyyə” kitabı haqqında ətraflı məlumat verərək bildirdi ki. Azərbaycan şifahi xalq ədəbiyyatının nümunələrini bir kitabda ilk dəfə görkəmli ədəbiyyatşünas alim, tanınmış maarifçi Firidun bəy Köçərli toplamışdır. Onun 1912-ci ildə tərtib etdiyi “Balalara hədiyyə” kitabı uşaqlara böyük töhfədir. Firidun bəy Azərbaycan folklorunun vurğunu idi və hesab edirdi ki, xalqımız yalnız böyük keçmişindən, soyundan-kökündən bəhrələnərək xoşbəxt gələcək qura bilər. Odur ki, bir maarifçi kimi xalqın savadlanması yolunda əlindən gələni edirdi. O, hesab edirdi ki, xalqın müdrikliyinin, sevinc və kədərinin, adət-ənənələrinin, parlaq şəkildə əks olunduğu bu nağıllar, uşaq oyunları, tapmacalar, atalar sözləri, məsəllər, yanıltmaclar, bayatılar, laylalar, oxşamalar, nəğmələr millətin yoluna işıq salan əbədi mayakdır. “Balalara hədiyyə” o dövrdə Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük hadisə idi. Bir çox yazıçı və şairlərimiz Firidun bəyin sevə-sevə topladığı bu folklor incilərindən ruhlanaraq, sizlər üçün gözəl-gözəl əsərlər yaradıblar. Abdulla Şaiq, Seyid Hüseyn, Fərhad Ağazadə, Eynəli bəy Sultanov kimi mütərəqqi ziyalılar kitabdan “vətən qoxusunun, dağların ətrinin gəldiyini” yazır, onu “milli duyğularımızı oyadan”, “keçmişimizi, özümüzü özümüzə tanıdan” gözəl töhfə kimi qiymətləndirirdi. “Balalara hədiyyə” kitabı Azərbaycan folklorunun ilk antologiyası idi. Bu kitab indi də uşaqlar üçün maraqlıdır, əzizdir. “Balalara hədiyyə” uşaqların fikrini aydınlaşdıran, xəyalını qanadlandıran, uşaqlara həyat və təbiət haqqında məlumat verən qiymətli bir inci xəzinəsidir. Tədbirdə məktəbin kitabxana müdiri Fəridə Həsənovanın təşkilatçılığı ilə hazırlanmış ədəbi-bədii gecə təqdim edildi. Ədəbi hissədə məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Xəyalə Hüseynova Firidun bəy Köçərlinin ədəbiyyatşünaslıq sahəsində məhsuldar əməyi, pedaqoji kadr hazırlığındakı, ana dilinin saflığı uğrundakı xidmətləri haqqında ətraflı danışdı. Bədii hissədə məktəblilərin ifasında “Balalara hədiyyə” kitabında olan nağıl və təmsillər, sayaçı sözlər, tapmacalar üzrə hazırlanmış çıxışlar təqdim edildi. Sonda çıxış edən məktəbin təlim-tərbiyə üzrə direktor müavini Arzu Qasımova tədbirin təşkilindəki əməyinə görə Mərkəzi uşaq kitabxanasının kollektivinə və məktəbin kitabxana müdiri Fəridə Həsənovaya müdiriyyət adından təşəkkür etdi.