SumgaitLibrary

+994 186520087


Bayatı saatı

14.12.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında Tofiq İsmayılov adına 29 saylı tam orta məktəbin 5-ci sinif şagirdlərinin iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin əziz xatirəsinə həsr edilmiş “İgid döyüşdə ölsə, adı qalar dünyada” adlı bayatı saatı keçirildi. Tədbir igid döyüşçü Əliyar Əliyevin timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlandı.Tədbirin aparıcısı kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova cəsur döyüşçünün həyat və fəaliyyəti haqqında qısa məlumat verdi və bildirdi ki, Qubadlı rayonun müdafiəsi ilə bağlı aparılan mübarizədən danışanda ilk növbədə xalqımızın, o cümlədən qubadlıların qürur mənbəyi olan, haqqında danışılarkən həmişə iftixar hissi keçirdiyimiz Əliyar Əliyev yada düşür. 1992-ci ilin oktyabrında şəhid olan Əliyar Əliyev elə həmin ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. Öz çıxışına “Qəhrəmanlıq zirvəsinə ucalanlar” adlı kitab sərgisində Əliyar Əliyevdən bəhs edən kitab və dövri mətbuat materialları haqqında qısa xülasə verməklə davam edən Səbinə Qasımova, şair Ələsgər Həsənlinin gənclərimizə örnək olan qəhrəmanın həyat yolundan, mərdanəliyindən və igidliklərindən bəhs edən “Yaddaşdan-yaddaşa” lirik poemasını oxumağı tövsiyə etdi. Sonra tədbir qəhrəmanlıq və vətənpərvərlik m[vzusunda olan “Vətən bayatıları” kompozisiyası ilə davam etdi. Sonda çıxış edən məktəbin fizika müəlliməsi Naibə Ağayeva keçirilən tədbirin əhəmiyyətindən bəhs edərək erməni təcavüzünün qarşısının alınması məqsədilə yaradılan özünümüdafiə batalyonunun komandiri kimi qəhrəmanlıq simvoluna çevrilən və ölümü ilə ölümsüzlük qazanan Milli Qəhrəman Əliyar Əliyevin həyat yolunun gənclərə örnək olduğunu və onun xatirəsinin daim ürəklərdə yaşayacağını bildirdi.