SumgaitLibrary

+994 186520087


Görüş

09.12.2017-ci il tarixində Poeziya evində S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsi, N.Gəncəvi adına kitabxana klub, Mərkəzi uşaq kitabxanasının və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə uşaq şairi R.Yusifoğlu ilə “Mənim kitab rəfimə gəlin bir az yaxın siz“ adlı görüş keçirildi. Tədbiri giriş sözü ilə Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova açaraq gecəni idarə etmək üçün səhnəyə istedadlı yazarlardan biri Hafiz İmamnəzərlini dəvət etdi. H.İmamnəzərli Rafiq Yusifoğlu işığına toplaşan oxucuları, qələm dostlarını salamlayaraq ilk əvvəl R.Yusifoğlunun keçdiyi həyat yolu haqqında danışmaq üçün sözü AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinə verdi. O, şairin həyat və yaradıcılığı haqqında ümumi məlumat verdi. Sonra S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən Sabir Sarvan adına uşaq poeziya klubunun iştirakçılarının ifasında “Əsl dost necə olar” və “Sumqayıtın nağılı“ adlı şeirlərinin əsasında hazırlanmış səhnəcik, N.Gəncəvi adına kitabxana klubun oxucularının ifasında “Yol nişanları“ şeirinə hazırlanmış kompozisiya və həmin kitabxananın fəal oxucusu Ağazadə Nüsrətin müəlliflə birgə “Sumqayıt“ şeirinin ifası, Mərkəzi uşaq kitabxanasının oxucularının ifasında isə R.Yusifoğlunun bir-birindən gözəl, rəngarəng şeirləri ilə çıxış etdilər. Şair Əşrəf Veysəlli, Məmməd Namaz və tələbəsi olduğunu qürurla bildirən Namiq Dəlidağlı Rafiq Yusifoğluna xoş arzularını bildirdilər. Sonda Rafiq Yusifoğlu bu tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirərək redaktoru olduğu “Göyərçin” jurnalının yeni nömrəsini uşaqlara hədiyyə etdi. Tədbirdə “Balalara hədiyyə“ başlığı altında sərgi, N.Gəncəvi adına kitabxana klubunun nəzdində olan rəsm dərnəyinin üzvlərinin və Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının şairin şeirləri əsasında çəkdikləri rəsmlər nümayiş etdirildi.