SumgaitLibrary

+994 186520087


Seminar-məşğələ

15.11.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında kitab və kitabxanadan istifadə qaydalarının öyrədilməsi, oxucularda sərbəst informasiya əldə etmək bacarığının formalaşdırılması, kitab haqqında əldə edilmiş biliklərin təkmilləşdirilməsi məqsədilə "Uşaq dünyasında kitabxananın rolu” adlı ikigünlük seminar- məşğələ keçirildi. Seminarın birinci günündə Y.Məmmədəliyev adına 31 saylı tam orta məktəbin 4E sinif şagirdləri və valideynlər iştirak etdilər. Tədbirin aparıcısı kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova ilk öncə kitabın, mütaliənin insanın həyatında rolu, kitabın yaranma tarixi, kitabın quruluşu, elementləri, kitabla rəftar etmə qaydaları haqqında ətraflı məlumat verdi. Daha sonra o, tədbir iştirakçılarını Mərkəzi uşaq kitabxanasının yaranma tarixi, fondu ayrı-ayrı xidmət şöbələri, sərgilər, “nağıl guşəsi” ilə də tanış etdi. Sonra kitaba, mütaliəyə yaradıcı münasibəti formalaşdırmaq məqsədilə uşaqlara paylanmış nağıl qəhrəmanları rəsmlərinin rənglənməsi tövsiyə olundu. Bu işin öhdəsindən məharətlə gələn dördüncülər “Bayraq mənim kimliyim” adlı kompozisiya ilə çıxış etdilər. Sonda çıxış edən ibtidai sinif müəlliməsi Arzu İmanova səmimi qəbul və maarifləndirici tədbir üçün kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirdi. Seminar-məşğələnin ikinci gününün iştirakçıları "İstək" liseyinin 6-cı sinif şagirdləri oldu. Tədbirdə liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsal Əsədovun I rübdə şagirdlər arasında elan etdiyi "Mütaliə et" aksiyasının qalibləri də mükafatlandırıldı.