SumgaitLibrary

+994 186520087


Xatirə günü

12.10.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında Aprel şəhidi Axundov Əbdülməcid Nadirşah oğlunun doğum günü ilə əlaqədar 12 saylı və 16 saylı məktəbin 3-cü sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan köksündə əbədiyaşarsınız” adlı xatirə günü keçirildi. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova öz həyatlarını Vətəni, torpağı, milləti, dövləti üçün heç düşünmədən fəda edən şəhidilərin uca məqamı, 2016-cı ilin 1-4 aprel döyüşləri, bu döyüşlərdə qəhrəmancasına şəhid olmuş Əbdülməcid Axundovun qısa, lakin mənalı həyat və döyüş yolu haqqında məlumat verdi. Səbinə Qasımova “Qəhrəmanlıq zirvəsinə ucalanlar” adlı kitab və fotolardan ibarət sərgi haqqında ətraflı məlumat verdi. Tədbir iştirakçıları qəhrəmanın həyat və döyüş yolundan bəhs edən sənədli film izlədilər. 12 saylı məktəbin 3 a2 və 16 saylı məktəbin 3c sinif şagirdləri anaya, Vətənə, torpağa, şəhidlərə həsr edilmiş şeirlərdən ibarət “Müharibə olmasın!” adlı ədəbi kompozisiya ilə çıxış etdilər. Sonra şəhidin ibtidai sinif müəlliməsi Zülfüqarova Nuricət qəhrəmanın məktəb həyatından və əmisi qızı Axundzadə İlhamə də Əbdülməcid Axundovla bağlı əziz xatirələrindən söhbət açdılar. Sonda çıxış edən kitabxananın müdiri Nailə Tağıyeva tədbirin hazırlanmasında yaxından kömək etmiş hər iki məktəbin şagird və müəllimlərinə təşəkkür etdi. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçən şəhidlərin xatirəsini yaşatmğı, onları gəncliyə nümunə göstərməyi hər kəsin vətəndaşlıq borcu kimi dəyərləndirən Nailə Tağıyeva son olaraq bildirdi ki, hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Tədbir məktəblilərin ifasında Şahin Musaoğlunun “İgid əsgər, möhkəm dayan!” mahnısının ifası ilə başa çatdı.