SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

27.09.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 12 saylı tam orta məktəbin 5-ci sinif şagirdlərinin iştirakı ilə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biri şair Nizami Gəncəvinin poeziya günləri çərçivəsində “Sirlər xəzinəsi” poemasından "Kərpickəsən kişinin dastanı", "Yaralı bir uşağın dastanı" hekayətləri üzrə kitab müzakirəsi keçirildi. Dünya ədəbiyyatı xəzinəsinə nadir bir sıma kimi daxil olmuş görkəmli filosof, mütəfəkkir, və söz sənəti mülkünün sultanı Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında qısa məlumat verən kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova uşaqların iştirakı ilə ilk olaraq "Kərpickəsən kişinin dastanı" hekayətinin ucadan oxusunu keçirdi. Sonra müzakirəyə qatılan beşincilər insanın həyatında əməyin rolu, kərpickəsən kişi və gəncin qarşılıqlı müqayisəsini haqqında fikir mübadiləsi etdilər. “Yaralı bir uşağın dastanı” hekayətinin ucadan oxusu və müzakirəsi ilə tədbir davam etdi. Müzakirə zamanı uşaqlar əmin oldular ki, bu hekayətdə şair pisliyi, fənalığı, paxıllığı, xəbisliyi, bədxahlığı ifşa edir, yaxşılığı, düzlüyü, etibarlı olmağı, insanpərvərliyi və xeyirxahlığı təqdir edir. Müzakirələr zamanı beşincilərdən Leyla Seyfullayeva, Məryəm Məmmədova, Zeynəb Mehbalıyeva, Elcan Şükürov, Nəzrin Muxtarova öz fəallıqları ilə həmyaşıdlarından fərqləndilər. Tədbirin sonunda N.Tusi adına 12 saylı tam orta məktəbin kitabxana müdiri Fəridə Həsənova da çıxış edərək böyük Nizaminin dünya və milli ədəbiyyatdakı mövqeyi, onun əsərlərinin təbliğinin əhəmiyyəti, belə kitab müzakirəsinin oxucu fəallığının artmasına, onların tənqidi təfəkkürlərinin və bədii estetik zövqlərinin formalaşmasına, kitab üzərində müstəqil işləməsinə, şairin əsərləri haqqında sərbəst fikir yürütməsinə təsiri haqqında danışdı.