SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

12.09.2017-ci il tarixində Gənclər kitabxanasında Azərbaycan ədəbiyyatının böyük simalarından biri Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130-cu ildönümü ilə əlaqədar “Görkəmli realist romançı” adlı ədəbiyyat saatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Sona Eminova Y. V. Çəmənzəminlin həyat və yaradıcılığı haqqında geniş məlumat vermiş, qeyd etmişdir ki, sentyabr ayının 12-də Azərbaycan ədəbiyyatının böyük simalarından biri, milli realist nəsr və romançılığın inkişafında məxsusi xidmətləri olan yazıçı, alim-tədqiqatçı, folklorşünas və etnoqraf, eyni zamanda ictimai-siyasi və mədəniyyət xadimi Y. V. Çəmənzəminlinin doğum günündən 130 il ötür. Azərbaycan xalqının bir çox qiymətli şəxsiyyətləri kimi, Y. V. Çəmənzəminli də doğma vətənindən didərgin salınmış repressiya qurbanlarındandır. Yusif Vəzir elə sənətkarlardandır ki, qismətinə üç dövrdə: çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovetlər imperiyası illərində yaşamaq düşmüşdü. Böyük demokrat, məqalələrində olduğu kimi, romanlarında da erməni məsələsinə toxunmuş, xalqımıza, millətimizə ermənilərin bütün məkrli siyasətlərindən xəbərdar olmağı, dünya ictimaiyyətinə onların bu mənfur əməllərinin puçluğu və əsassızlığı barədə düzgün məlumatlar verməyi zəruri hesab etmişdir. Kitabxana müdiri çıxışına davam edərək xüsusilə vurğulamışdı ki, Yusif Vəzir harada olursa-olsun, milli təəssübkeşlik hisslərindən uzaq olmamış, ən çətin, ən ağır anlarında belə, öz sözünü milli qeyrət baxımından elmi dəlillərlə söyləyə bilmişdir.