SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

12.06.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 18 saylı tam orta məktəbin dördüncü sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında hər il ölkədə 18 may - 18 iyun tarixində reallaşdırılan “İnsan hüquqları aylığı” çərçivəsində “Kiçik uşaqların böyük hüquqları” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova əvvəlcə bu günün təsisi olunma tarixi, məqsədi, Azərbaycanda insan haqlarının qorunmasına verilən xüsusi önəm və insan haqlarının ən mühüm və ayrılmaz tərkib hissələrindən biri olan uşaq hüquqları haqqında məlumat verdi. O bildirdi ki, uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı sahədir. Sonra çıxış edən 18 saylı məktəbin kitabxana müdiri Rəfiqə Cavadova və müəllimə Həcər İsmayılqızı da uşağın cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərinə və müəllimlərinə, digər vətəndaşların hüquq və mənafelərinə, oz xalqının və başqa xalqların ənənələrinə hörmətlə yanaşmaq və digər vəzifələrindən söz açdılar. Tədbir zamanı məktəblilər 1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilən “Uşaq hüquqları Konvensiyası”, respublikamızda 19 may 1998-ci ildə qəbul edilən “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu” üzrə uşaqların hüquq və vəzifələrinə aid auditoriyaya ünvanlanmış sualları fəallıqla cavablandırdılar. Sonda Səbinə Qasımova uşaqların yaşamaq və inkişaf etmək, sağlamlıq, təhsil, ad və vətəndaşlıq almaq, vicdan, fikir və söz azadlığı, mənzil və digər hüquqlarından bəhs edən kitablarla uşaqları tanış etdi. Bədii ədəbiyyatımızda hüquqları pozulmuş uşaqların həyatından bəhs edən Süleyman Sani Axundovun “Qaraca qız”, Tağı Şahbazi Simurqun “Qayçı” hekayələri, müasir yazıçılardan Reyhan Yusifqızının “Yaşıl gözlü qız” kitabı, Viktor Hüqonun “Səfillər” əsərlərinin qısa icmalını verdi.