SumgaitLibrary

+994 186520087


Hekayə saatı

05.06.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 5 iyun Ətraf Mühitin Ümumdünya Mühafizəsi Günü ilə əlaqədar şəhərimizin 6 saylı “Nur” uşaq bağçasının körpə fidanları və valideynlərin iştirakı ilə “Təbiət haqqında hekayələr” və “Heyvanlar haqqında hekayələr” CD-si üzrə hekayə saatı keçirilmişdir. İnsanların ekoloji cəhətdən maarifləndirilməsinin erkən yaşda həyata keçirilməsinin vacibliyini nəzərə alan Mərkəzi uşaq kitabxanası balacalarda təbiətə məhəbbət, qayğı aşılamaq məqsədilə oxu zalında kitablardan və şagirdlərin təbiətə aid əl işlərindən ibarət sərgi qarşısında bu tədbiri reallaşdırdı. Tədbirin aparıcısı kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova quşları, heyvanları, balıqları, bitkiləri, ilin fəsillərini uşaqlara sevdirmək üçün “Təbiət haqqında hekayələr” və “Heyvanlar haqqında hekayələr” CD-si ilə uşaqları tanış etdi və “Quşların ən gözəli hansıdır?”, “Ana kəklik”, “Vəfalı it”, “Kirpinin süfrəsi”, “Dovşanın şikayəti”, “Yuva tikən balıq”, fəsillərdən bəhs edən “Dörd arzu” hekayələrini oxudu. Oxunmuş hekayələr üzrə uşaqlara suallar verdi. Sonra uşaqlar təbiət, heyvanlar, quşlar haqqında şeirlər söylədilər. Sonda Səbinə Qasımova tədbir iştirakçılarına “Yaşıl çətirli dünya” sərgisində nümayiş etdirilən kitablar və əl işləri haqqında məlumat verdi.