SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

15.05.2017-ci il tarixində Gənclər kitabxanasında fəal oxucuların iştirakı ilə “Beynəlxalq Ailə Günü” ilə əlaqədar “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Sona Eminova müasir dünyanın qloballaşma və inteqrasiyaya sürətlə daxil olduğu bir vaxtda dəyərlərin dəyişməsi, modernləşməsi məsələsinə toxunmuş, Azərbaycan ailələrində milli-mənəvi dəyərlərin qorunduğunu, yaşadıldığını qeyd etmiş, ailə müqəddəsliyi, valideyn və övlad borcu, vətəndaş məsuliyyəti barədə fikirlərini çatdırmış, ölkəmizdə ailələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Sonra Tibb Universitetinin sonuncu kurs tələbəsi Səbinə Aslanova çıxış edərək zorakılığın əsas səbəblərindən olan erkən və məcburi nikahın təsirlərinə diqqəti çəkdi, erkən nikahların tibbi aspektlərindən söhbət açdı. Həmçinin, tədbir iştirakçıları ailə, qadın, uşaq məsələləri Azərbaycan Respublikasının qanunvericiliyində qadın hüquqları, ailə məişət zəminində qadına qarşı zorakılıq, qan qohumları arasında nikah və onun fəsadları, baş verən boşanmaların əsas səbəbləri, İslamda ailə anlayışı kimi mövzularla bağlı çıxış etdilər. Onlar möhkəm və davamlı ailənin qurulmasında hüquqi maarifləndirmənin zəruriliyini, sağlam həyat tərzinin fiziki, qarşılıqlı hörmət və ehtiramın isə psixoloji baxımdan sağlam ailənin təminatçısı olduğunu, ailə münasibətlərinin möhkəmlənmə-sində milli-mənəvi dəyərlərin mühüm əhəmiyyət kəsb etdiyini iştirakçıların diqqətinə çatdırıblar. Sonda gender məsələləri ilə bağlı video çarxlar izlənilib.