SumgaitLibrary

+994 186520087


Anım günü

17.02.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 12 saylı tam orta məktəbin 5-ci sinif şagirdlərinin iştirakı ilə fevral ayında anadan olmuş Milli Qəhrəmanlardan Akif Əkbərov, Rövşən Hüseynov, Elman Hüseynov, Ərəstun Mahmudov, İnqilab İsmayılovun əziz xatirəsinə həsr edilmiş “Şəhidsiz bir millətin Vətən ruhu dirilməz” adlı anım günü keçirildi. Tədbirdə əvvəlcə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi. Kitabxananın multimedia mütəxəssisi Qənimə Baqişova ilk olaraq tədbir iştirakçılarına Mərkəzi uşaq kitabxanasında müntəzəm olaraq vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin məqsədi haqqında, Vətən anlayışı, torpaq sevgisi, Qarabağ problemi, işğal olunmuş torpaqlar və bu savaşda həyatını qurban vermiş igid, mərd oğullar haqqında məlumat verdi. O bildirdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr edilmiş tədbirlərin kitabxanamızda keçirilməsi artıq bir ənənə halını almışdır. Bu gün Azərbaycanın Respublikasının Milli Qəhrəmanları Akif Əkrəbov, Rövşən Hüseynov, Elman Hüseynov, Ərəstun Mahmudov, İnqilab İsmayılovun xatirəsinə həsr edilmiş mərasim də bu səpkidə keçirilən tədbirlərin davamıdır. O, bu qəhrəmanların hər biri haqqında ətraflı məlumat verdi, “Qəhrəmanlıq zirvəsinə ucalanlar” başlıqlı sərgidə nümayiş etdirilən publisistik və bədii ədəbiyyatlar haqqında qısa xülasə verdi. Tədbir hər bir adı çəkilən beş Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolundan bəhs edən videogörüntülərin izlənilməsi, qəhrəmanlıq və vətənpərvərlik hisslərinə həsr olunmuş şeirlərin səslənməsi ilə davam etdi.